Nəşrlərimiz

Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə
daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir.
Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb
dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq
vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə sizə qazandıqlarınız bilikləri
daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı əsasında
hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta
məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir.
Vəsaitin hazırlanmasında ümumtəhsil məktəblərinin 6, 7, 8, 9, 10 və 11-ci sinif coğrafiya
dərsliklərindən və tədris atlaslarından, Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin məlumatlarından, BMT-nin ixtisaslaşmış sahəvi təşkilatlarının və digər
beynəlxalq təşkilatların dövri olaraq yenilənən məlumat bazalarından, həmçinin internet
resurslarından istifadə olunmuşdur.
Vəsaitdə mövzuların sistemli və aydın şəkildə izah olunması abituriyent üçün vaxta
qənaət etmək imkanı yaradır. Çoxsaylı rəngarəng cədvəl, qrafik, şəkil və xəritələr izahın
obrazlılığını təmin etməklə, mövzuların mənimsənilməsini xeyli asanlaşdırır və yadda
saxlanılmasına kömək edir. Vəsaitdə həmçinin coğrafiyanın bəzi mövzularına aid olan
çalışmaların izahı verilmişdir.
İnanırıq ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib
olunmuş bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də orta məktəb şagirdləri
üçün faydalı olacaqdır.
Dəyərli müəllimlər və abituriyentlər, bu nəşrə diqqətlə yanaşmağınızı və ümumi
işimizə kömək naminə dərslikdəki materiallarla bağlı rəy, tənqidi qeydlər və təkliflər
bildirməyinizi sizlərdən xahiş edirik.