Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha
da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan
Mərkəzinin keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb
dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait
də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da
möhkəmlənməsinə xidmət edəcəkdir.
Vəsaitimiz üç bölmədən ibarətdir. Bu bölmələr müvafiq olaraq orta məktəbin 6, 7 və 8-ci
siniflərini əhatə edir. Hər bölmədə mövzular üzrə yeni təhsil proqramı – kurikuluma əsaslanan
qiymətləndirmə tapşırıqları, qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları dərc edilmişdir.
Vəsaitin sonunda test tapşırıqlarının düzgün cavabları verilmişdir.
İnanırıq ki, vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı
olacaqdır.
Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!