Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Vəsaitimiz beş bölmədən ibarətdir. Bu bölmələr orta məktəbin 6-11-ci siniflərində tədris olunan mövzuları əhatə edir. I, II, III və IV bölmələrdə müvafiq olaraq “Bitkilər, bakteriyalar, göbələklər, şibyələr”, “Heyvanlar”, “İnsan” və “Ümumi biologiya” ya aid situasiya tapşırıqları vardır. Vəsaitin V bölməsi yeni imtahan modelinə uyğun 10 sınaq imtahanından ibarətdir. Bu imtahanların hər birində 30 tapşırıq vardır. Tapşırıqlardan 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 5-i hesablama, seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmə, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya tipli tapşırıqlardır. Vəsaitin sonunda situasiya tapşırıqları və sınaq imtahanlarının düzgün cavabları verilmişdir.
İnanırıq ki, vəsaitimiz həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır.
Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!
