Dərs vəsaitləri

Əldə tutduğunuz bu vəsait müəllif əsəri deyil, abituriyentlərə universitetə hazırlıq prosesində ədəbiyyat fənni ilə bağlı lazım olan bütün mövzuların konspektini əhatə edən topludur. Abituriyent hazırlıq prosesində V-XI siniflər üzrə müxtəlif dərsliklərə baxmalıdır, bu isə bir sıra çətinliklər törədir, vaxtdan səmərəli istifadəyə mane olur. Bu vəsait qəbul proqramına daxil olan bütün mövzuları eyni mənbədən öyrənmək məqsədilə hazırlanmışdır.

Vəsait siniflər üzrə hazırlanmış, mövzular orta məktəb dərsliyindəki ardıcıllığa görə düzülmüşdür. Əsərlərin məzmunu geniş şəkildə verilmişdir. Belə ki, əsərdə hadisələrin gedişatına təsir edən bütün epziodlar, hətta kiçik detallar belə konspektə daxil edilmişdir. Şeir nümunələri isə dərslikdə olduğu kimi verilmişdir. Hər əsərdən sonra qısa təhlil aparılaraq diqqətin hansı məsələlərə yönəldilməsinin vacibliyi vurğulanmışdır. Hər bölmənin sonunda öyrənilən mövzuların təkrarı üçün suallar verilmişdir. Bəzi sualların salınmasında məqsəd konkret cavab alaraq mövzunun mənimsənilməsini yoxlamaqdır. Bəzi suallar isə mühakimə, əsaslandırma tələb edir.

Sonuncu bölmə ədəbiyyat nəzəriyyəsini əhatə edir. Bu bölmədə yeri gəldikcə haşiyələr vasitəsilə mövzular arasında olan oxşar və fərqli cəhətlərə diqqət çəkilmişdir. Ədəbiyyat nəzəriyyəsinə aid mövzularda məlumatın daha yaxşı mənimsənilməsi üçün bədii nümunələrə geniş yer verilmişdir.

Ümid edirik ki, hazırladığımız vəsait universitetə hazırlıq prosesində ədəbiyyat fənninə olan ehtiyacı tamamilə ödəyə biləcəkdir. Sizə uğurlar arzulayırıq!