Xəbərlər

Vətəni sevmək azdır!

Vətən sevgisi.... Anamızın südü ilə qanımıza, canımıza hopmuş, Allahın qəlbimizə bəxş etdiyi əvəzedilməz bir hiss. Sevgisi imandan gələn möhtəşəm bir duyğu – Vətən sevgisi. Sevdiyimiz bu Vətən ki bizə yurd oldu – qoynunda yer etdi bizə; Ana oldu – şəfqətli əlləri ilə oxşadı başımızı; Yar oldu – sevgini yenidən yaşamağı anlatdı bizə; İman qədər dəyərli oldu – Allah qatında dəyərimiz artsın deyə. Havası, suyu, torpağı ilə bizi bəsləyən, əcdadlarımızdan bizə əmanət qalan, hər qarışı tarix qoxan bu Vətəni sevməmək mümkündürmü?!

Bu sevgini bu gün biz övladlarını cəbhəyə yola salan anaların sevinc göz yaşlarında, “Təki Vətən sağ olsun!” deyərək qürur hissi yaşayan ataların fərəh nidalarında, yurduna sahib çıxsın deyə bir yar yola salan yarın gözlərində görürük.

Gün sevgimizi sübut etmə günüdür. İllərdir ki, tapdaq altında qalan, qəlbimizdə bir yara kimi sızlayan bir həsrətə son qoymaq vaxtı yetişmişdir. Hər qarışı üçün can fəda etməyə, qanının son damlasına qədər döyüşməyə hazır bir ordusu var Vətənimizin. Gəncindən yaşlısına, kişi, qadın fərq etmədən bu sevgini qəlbində daşıyan hər bir azərbaycanlı bu ordunun bir əsgəridir və zəfər bayrağının qalxacağı ana qədər bu yolda bayraqdar olmaq üçün sırasını gözləyir. Gözləyirik.

Ağsaqqalların, ağbirçəklərin xeyir-duaları və qəlblərimizdəki mübarizə əzmini vəsilə edərək Uca Rəbbimiz qələbənin dadını yaşamağı nəsib etsin!

© 2020 GuvenNesriyyati.az. Bütün hüquqları qorunur.